İQTİSADİYYAT


Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş auditin nəticələri açıqlanıb

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə, həmçinin 2016-cı ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (Mərkəz) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək qəbul edib.

AZƏRTAC Hesablama Palatasına istinadla xəbər verir ki, Mərkəz tərəfindən 2014-cü ildə 1916 ailəyə, 2015-ci il ərzində isə 1681 ailəyə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyin olunub, bir ailəyə düşən ÜSY məbləği 2014-cü ildə 139,48 manat, 2015-ci ildə isə 150,74 manat təşkil edib, bütövlükdə auditlə əhatə olunan dövr ərzində 283 ailəyə müxtəlif səbəblərdən yardım təyin olunmasından imtina edilməsi haqqında qərar qəbul olunub. Auditin əhatə etdiyi dövrdə 4378 nəfərə sosial müavinət və təqaüd təyin olunub. Auditlə bütövlükdə 18422,0 min manat məbləğində vəsait əhatə edilib.

Audit prosesində risk əsaslı və seçmə üsulla araşdırılma aparılıb, bir sıra hallarda Mərkəz tərəfindən sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməməsi faktları müəyyən olunub, qərarlar ətraflı araşdırma aparılmadan verilib, 45 halda ailə üzvünə görə ödənilən sosial müavinətin, əmək pensiyasının məbləğinin, əmək haqqının, digər gəlirlərin, ailənin mülkiyyətində olan torpaq sahəsindən, yardımçı təsərrüfatından əldə olunan gəlirlərin ailənin ümumi gəlirinə daxil edilməməsi, 3 halda ailə tərkibində dəyişikliyin nəzərə alınmaması və düzgün olmayan məlumatın verilməsi, 32 halda ailənin istifadəsində avtomobilin olmasının tam araşdırılmaması, 6 halda ÜSY alan ailələrə birdəfəlik yardımın ödənilməsi şərtlərinə tam əməl olunmaması səbəbindən artıq ödəmə aşkarlanıb. Yeddi iş üzrə isə təyin edilmiş yardımı 3 aydan artıq müddətdə almayan ailələrə təyin edilən vəsaitin dövlət büdcəsinə qaytarılması üçün tədbir görülməyib.

Sosial müavinətlər və təqaüdlər üzrə 15 halda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması, 5 halda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir halda ailə başçısını itirməyə görə sosial müavinətin əmək pensiyası almaq hüququ olan şəxslərə təyin edilməsi, 15 halda əlilliyə görə sosial müavinətin məbləğinin düzgün müəyyən olunmaması, əlilliyə görə sosial müavinətin məbləğinin təkrar ödənilməsi, sosial müavinətin təyin olunması müddətinin və ödənilən məbləğin düzgün müəyyən edilməməsi səbəbindən artıq ödəmələrə yol verilib.

Hesablama Palatasının kollegiyası Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Yevlax şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib.

Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.