REGİONLAR
Yevlax şəhərindəki 3 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, valideynlərin, məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və Milli Məclisin deputatı İlham Məmmədov əlamətdar hadisə münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək, təhsil ocağının istifadəyə verilməsini Azərbaycan dövlətinin bu sahənin inkişafına göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Bildirilib ki, şəhər 10 nömrəli tam orta məktəbi üçün 240 şagird yerlik, Əcəmi və Yuxarı Bucaq kənd ümumi orta məktəblərinin hər biri üçün 180 yerlik yeni binaların tikintisi başa çatıb. Yaxın vaxtlarda bu təhsil ocaqları da istifadəyə veriləcəkdir.
Çıxış edən müəllim və valideynlər məktəbin əsaslı təmirinə, uşaqların keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olublar. 1176 şagird yerlik təhsil ocağında fənn kabinələri və laboratoriyalar, kompyuter, inzibati və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana yaradılıb, məktəb ən müasir avadanlıqlarla təmin olunub.