REGİONLAR
Yevlax və Ağdaşda 26 mindən çox təsərrüfatın suvarma suyuna olan tələbatı yaxşılaşacaq
Bakı, 31 may, AZƏRTAC
“Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin icrası nəticəsində Yevlax və Ağdaşda 74,4 min hektar ərazidə ikinci və üçüncü dərəcəli suvarma sistemləri təmir-bərpa olunacaq, 26 mindən çox təsərrüfatın suvarma suyuna olan tələbatı yaxşılaşacaq.
Bu barədə mayın 31-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) Azərbaycan üzrə ölkə proqramlarının rəhbəri Tarek Kotbla görüşündə məlumat verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə IFAD və Azərbaycan hökumətinin birgə icra etdiyi layihələr müzakirə edilib, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Nazir Heydər Əsədov Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan danışıb, ölkəmizdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Nazir IFAD-la əməkdaşlığa önəm verdiyini diqqətə çatdıraraq, təşkilat tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirib. IFAD-ın Azərbaycanda 20 ildir ki, kənd təsərrüfatı layihələrini dəstəklədiyini xatırladan Heydər Əsədov, gələcəkdə bu sahədə işin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, ötən müddətdə IFAD ölkəmizdə 3 layihə və 1 proqramın icrasında iştirak edib. İcrası davam edən “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” (KYKİL) isə IFAD-ın iştirak etdiyi 5-ci layihədir. KYKİL-nin icrası nəticəsində Yevlax və Ağdaşda 74,4 min hektar ərazidə ikinci və üçüncü dərəcəli suvarma sistemləri təmir-bərpa olunacaq, 26 mindən çox təsərrüfatın suvarma suyuna tələbatı yaxşılaşacaq, təsərrüfatlarda daha yaxşı nəticələr əldə etməyə imkan yaranacaq.
Görüşdə, həmçinin kənd təsərrüfatının digər prioritet istiqamətləri də müzakirə olunub və icrası mümkün olan layihələrə toxunulub.
Qonaq ölkəmizlə IFAD arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.