REGİONLAR
Yevlax və Bərdə rayonlarında aşkarlanan yararsız ətlərin zərərsizləşdirilməsinə qərar verilib
Bakı, 20 dekabr, AZƏRTAC
Yevlax və Bərdə rayonlarında aşkarlanan yararsız ətlər zərərsizləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, noyabrın 27-də Yevlax rayonunda reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadratmetr sahəsi olan soyuducu kamera aşkarlanıb.
Nizami Kərimova məxsus “Jiquli 06” markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış zamanı mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kiloqram olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdəki soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunub.
Heyvan cəmdəklərinin qida üçün yararlılığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələr zamanı ət nümunələrində zərərli bakteriyalar aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrinin keyfiyyətsiz olması, heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi, nümunələrin 2-nin at, 4-nün isə iribuynuzlu heyvan əti və baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyənləşdirilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq heyvan cəmdəklərinin və dərilərinin zərərsizləşdirilməsinə qərar verilib.
X X X
Həmin gün Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadratmetr sahəsi olan soyuducu kamera aşkarlanıb.
Soyuducu kamerada ümumi çəkisi 181 kiloqram olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilib. Eləcə də həyətdə olan “Jiquli 05” markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkarlanıb. Heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına, orqanoleptik göstəriciləri qida üçün yararlılığı şübhə doğurduğuna görə ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələr zamanı götürülən ət nümunələrində və daxili orqanda bakterioloji çirklənmə aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə götürülən ət nümunələrinin və daxili orqanın iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi, baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən olunub.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində aşkarlanan heyvan cəmdəkləri, baş, ayaq, daxili orqanlar və heyvan dərilərinin zərərsizləşdirilməsinə qərar verilib.
X X X
Noyabrın 27-də davam etdirilən reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar olunub. Həyətdəki sallaqxananın yanında olan arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeletləri, möhtəviyyatla dolu 6 ədəd atın qarın və bağırsaqları, eləcə də ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkar edilib.
Təzə kəsilmiş atların hissələrindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib, yerdə qalan atların qalıq tullantıları maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə Zona Baytarlıq Laboratoriyasına təhvil verilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələr zamanı hər bir nümunədə bakterioloji çirklənmə aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsində götürülən hər bir nümunənin keyfiyyətsiz olması, atların aqoniya və ya öldükdən sonra kəsilməsi məlum olub.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində aşkarlanan təzə kəsilmiş at dəriləri, atın arxa və qabaq ayaqları, sümükdən ayrılmış skeletlər, möhtəviyyatla dolu qarın və bağırsaqlar, eləcə də atın tam formalaşmamış balası (dölü) və qalıq tullantılarının zərərsizləşdirilməsinə qərar verilib.
Aqoniya və ya öldükdən sonra kəsilmiş at ətlərinin kimə, haraya satılmasını müəyyən etmək mümkün olmayıb. Yevlax və Bərdə rayonlarında insan sağlamlığı üçün təhlükə törədən, ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş heyvan ətlərinin tədarükü və satışı ilə məşğul olanlar barəsində inzibati tədbirlərin görülməsi və əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.
X X X
Noyabrın 28-i və 29-da Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatından, həmin kombinatın “Azər-ət-süd İcarə Topdansatış Birliyi”nin soyuducu anbarlarında saxlanılan heyvan ətlərindən, eləcə də "Gəncliyə yardım fondu"na məxsus ətlərdən müayinə üçün nümunələr götürülüb. Qeyd edək ki, bu obyektlərdən təkrar müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib və araşdırmalar aparılır. Aparılan araşdırmaların və götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul edilərək tədbirlər görüləcək.