REGİONLAR
Yevlax və ətraf rayonlardan olan 54 sahibkara 1,4 milyon manat güzəştli kreditlər verilib
Bakı, 6 dekabr, AZƏRTAC
Martın 6-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yevlax rayonunun Kövər kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Yevlaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, cins heyvandarlıq kompleksinin, kiçik və ya orta həcmli istixana və bağçılıq təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 842 sahibkara 27,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Diqqətə çatdırılıb ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9766 investisiya layihəsinin maliyyələşdirilməsinə 415,5 milyon manat güzəştli kredit ayrılıb. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 33400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Yevlax və ətraf rayonlardan olan 54 sahibkara 1,4 milyon manat güzəştli kreditlər verilib. Kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Yevlaxda güzəştli kredit ayrılmış tikinti materialları istehsalı zavoduna baxış keçirilib. İldə 24 min ton dəmir-beton məhsulları istehsal etmək gücündə olan zavodun maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 8 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən tikinti materialları istehsalı ilə məşğul olan 19 müəssisəsinin yaradılmasına, müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 71 milyon manata yaxın güzəştli kredit təqdim edilib. Bu müəssisələrdən 14-ü artıq istifadəyə verilib.