REGİONLAR
Yevlaxda bələdiyyə seçkilərində iştirak edəcək namizədlər üçün maarifləndirmə təlimləri keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Yevlax rayonunda qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edəcək qadın namizədlər üçün maarifləndirmə təlimləri keçirilib.
Təlim kursları “Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Kaunterpart Azərbaycan” (Counterpart International) təşkilatının “Qadın iştirakçılığı” proqramı çərçivəsində “Lider Qadınlar” İctimai Birliyinin (İB) rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirilir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, təlimlərdə qadın hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik, liderliyin əsasları, seçkilər zamanı namizədliyin qeydə alınması qaydaları, seçkiqabağı təşviqat kampaniyasının təşkili və s. məsələlər barədə məlumat verilib. Artıq dekabrın 1-dən namizəd qadınlar əldə etdikləri biliklərlə seçki marafonuna qoşulacaqlar.
Layihənin əsas məqsədi qarşıdan gələn bələdiyyə seçkilərində qadınların fəallığını yüksəltmək, onların siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir.
Qeyd edək ki, layihə çərçivəsində aprel-noyabr aylarında Bakıda, Salyan, Sabirabad, Yardımlı, Tərtər, Yevlax rayonlarında ictimai fəal qadınlar üçün forumlar və bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə təlimləri keçirilib.
Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçirilir.