REGİONLAR


Yevlaxda əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

A+ A

Yevlax, 19 avqust, AZƏRTAC

Yevlax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Yevlax suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonun 39 min 849 hektar əkin sahəsi 1315 kilometr suvarma kanalı və 37 nasos stansiyası vasitəsilə suvarılır. Əkinlərin suvarılmasının yaxşılaşdırılması məqsədilə cari ildə suvarma kanalları üzərində olan 64 hidrotexniki qurğuda cari təmir işləri aparılıb, 265 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib, 5 və 6 nömrəli paylayıcı beton kanallarda əsaslı təmir işləri görülüb.

Hazırda “Sarıtəpə” və “Üzgün” nasos stansiyalarında təmir-bərpa işləri tamamlanıb, “Qaroğlan” nasos stansiyasında isə işlər davam etdirilir. Bakı nasos stansiyasında yeni 1000 kilovoltluq transformator yarımstansiyası tikilib, 7,5 kilometr elektrik hava xətti çəkilib. Ərəbbəsrə və Meyvəli kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin edən “Füzuli”, “Meyvəli-1”, “Meyvəli-2” nasos stansiyaları yeni transformatorla təmin olunub.

Görülən tədbirlər sayəsində 1435 hektar pambıq tarlası, həmçinin yonca və bostan-tərəvəz sahələri dörd dəfə suvarılıb.

Hazırda 420 metr uzunluqda asma növ kanalın tikintisinə, Nemətabad kəndindəki torpaq kanalın 750 metr hissəsinin beton kanalla əvəz olunmasına hazırlıq görülür. Bu işlər ilin sonunadək başa çatdırılacaq.

Rayonda əkinlərin bir hissəsi də subartezian quyuları vasitəsilə suvarılır. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonun Hacımahmudlu, Rüstəmli, Qaramanlı, Malbinəsi kəndləri ərazisində 4 subartezian quyusu qazılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.