REGİONLAR
Yevlaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Yevlaxda treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Aran Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun iştirakçıları olmaq istəyən gənclər, eləcə də Yevlax şəhərində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar iştirak ediblər.
“Öz biznes ideyanı yarat”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqdə biznesin növləri və təşkilati-hüquqi formaları, biznes mühiti və ideyanın yaradılması, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, insan resurslarının səmərəli idarə edilməsi, biznes plan və onun tərtib edilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə də məlumatlandırılıblar.
Treninq çərçivəsində mövzular üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.