REGİONLAR
Yevlaxda ümumi məhsul buraxılışının həcmi 9,1 faiz artıb
Yevlax, 20 oktyabr, AZƏRTAC
Ötən doqquz ayda Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 397,3 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 33 milyon manat və yaxud 9,1 faiz çoxdur. Məhsul buraxılışının 7,2 milyon manatını sənaye, 59,8 milyon manatını kənd təsərrüfatı, 20,4 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 21,5 milyon manat olub.
AZƏRTAC xəbər verir ki, bu faktlar Yevlax rayonunda 2016-cı ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, hesabat dövründə tikinti, quruculuq və abadlıq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Cari ildə Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası və Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 11 ev istifadəyə verilib, rayonun 4 kəndi qazlaşdırılıb. Şəhərin küçələrində abadlıq işləri aparılıb. Hazırda 5 ulduzlu hotelin, 11 saylı Ərazi Vergilər Departamenti, İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzi, 100 yerlik uşaq bağçası üçün binaların, Kür çayı üzərində dəmir yol körpüsünün tikintisi aparılır. Nemətabad və Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunur.
Aqrar sahədə əldə olunan uğurlardan bəhs edilərkən bildirilib ki, 2016-cı ilin məhsulu üçün 10 min 70 hektarda taxıl, 1415 hektarda pambıq, 245 hektarda kartof, 554 hektarda tərəvəz, 7100 hektarda yonca əkilib. Cari ilin 9 ayında rayonun əkin sahələrinin suvarılmasına xidmət edən 340 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib. 5 və 6 nömrəli paylayıcı beton kanallarda əsaslı təmir işləri görülüb, Nemətabad kəndinin əkin sahələrinin suvarılmasına xidmət edəcək 700 metr uzunluğunda beton kanal çəkilib. “Sarıtəpə”, “Üzgün” və “Qaroğlan” nasos stansiyalarında təmir-bərpa işləri aparılıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində saxlanılıb. Rayonun Havarlı kəndinə Mingəçevir içməli sutəmizləyici qurğusundan 160 millimetrlik boru ilə içməli su xətti çəkilib və 587 abonent smart su sayğacı ilə təmin edilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən Malbinəsi kəndində 2, Qaramanlı kəndində 3, Rüstəmli kəndində 1, Yevlax şəhərində 1 subartezian quyusu qazılaraq istifadəyə verilib.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.