REGİONLAR
Yevlaxın Kürboyu ərazilərində 48 hektar sahədə yeni meşə zolağı salınıb
Yevlax, 29 aprel, AZƏRTAC
Yevlax rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyisi Ədalət Zeynalov AZƏRTAC-a bildirib ki, 2016-cı il ərzində rayonun Kürboyu ərazilərində 90 hektar sahədə yeni meşəliklərin salınması nəzərdə tutulub.
Artıq yazlıq əkin işləri başa çatdırılıb. Varvara, Qaraoğlan və Cırdaxan meşəbəyliklərində 48 hektar sahədə tut, göyrüş, akasiya, nar, qovaq və digər ağac növlərindən ibarət yeni meşələr salınıb. 40 hektar sahədə meşələrə mexaniki xidmət göstərilib, 304 hektarda suvarma işləri həyata keçirilib.
Bundan başqa, kökləndirmək üçün 0,5 hektar sahədə 20 min ədəd qələm basdırılıb, 1 hektarda (40 min ədəd) böyütmə sahəsi yaradılıb, 0,7 hektar sahədə tinglik səpilib.
Payız mövsümündə daha 42 hektarda yeni meşələr salınacaq.