REGİONLAR
Yevlaxlı fermerlər kartof yığımını başa çatdırıblar
Yevlax, 4 iyul, AZƏRTAC
Yevlax rayonunda kənd təsərrüfatı məhsulları istehsalçıları məhsul yığımını davam etdirirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, kartof yığımını başa çatdıran fermerlər 2273,6 ton məhsul əldə ediblər. Bundan başqa bu günədək 4581,6 ton tərəvəz, 3182 ton meyvə yığılıb. Hər hektarın məhsuldarlığı kartof sahələrində 98 sentner, tərəvəz bitkiləri üzrə isə 99,6 sentnetdir.
Qeyd edək ki, rayonun torpaq mülkiyyətçiləri bu il 9316 hektarda yazlıq əkin həyata keçiriblər. Bunun 180 hektarı dən üçün qarğıdalı, 6845 hektarı təzə yonca, 958 hektarı pambıq, 295 hektarı dən üçün günəbaxan, 232 hektarı kartof, 530 hektarı tərəvəz, 276 hektarı isə bostan bitkiləridir.
Rayonda ötən ilin payızında səpilmiş 10 min 10 hektar taxılın biçilməsi də müvəffəqiyyətlə yekunlaşıb, 32 min 867 ton məhsul tədarük edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 32,8 sentner olub ki, bu da ötən illə müqayisədə 5,3 sentner çoxdur.