CƏMİYYƏT
Yırtıcılardan müdafiə üçün sensorları olan “ələkeçməz” balıqlar
Bakı, 22 avqust, AZƏRTAC
Danio balığında yırtıcılardan qurtulmağa imkan verən sensorlar var. AZƏRTAC “ecoportal.su” saytına istinadla xəbər verir ki, bu barədə məlumatı Vankuver Mikrobiologiya İnstitutunun (Kanada) mütəxəssisləri veriblər.
Alimlər bildiriblər ki, təhlükəli hallarda Danio balığının davranışının spesifikası haqqında məlumat almaq üçün bir sıra araşdırmalar aparmaq lazım gəlib. Təcrübələr zamanı mütəxəssislər balıqlara beyin aktivliyini göstərən xüsusi nanosensorlar qoşub. Eyni zamanda, akvariuma Danio ilə birgə yırtıcı balıqlar buraxılıb. Yırtıcılar digər növə mütəmadi hücumlar edib.
Tədqiqatların gedişində müəyyən edilib ki, böyük məsafədə belə Danio balıqları yırtıcının yaxınlaşdığını hiss edə bilir. Həm də əgər o, potensial təhlükədədirsə, qəfildən məhz yırtıcı düşməninin olmadığı istiqamətə hərəkət edə bilər. Ekspertlərin fikrincə, bu imkanı təmin edən Danio balığının beynindəki xüsusi inhibitordur. Bu inhibitor hərəkət istiqaməti barədə çox sürətli qərar qəbul etməyə imkan yaradır.
Alimlər həmçinin qeyd edirlər ki, refleksləri sayəsində Danio balığını demək olar ki, tutmaq mümkün deyil. Tədqiqatlar zamanı heç bir yırtıcı məqsədinə çatmayıb. Mütəxəssislər bildiriblər ki, balığın beynindəki inhibitor suyun ən kiçik titrəyişinə reaksiya verir və bu titrəyişlər dəri ilə təhlil olunur. Bundan sonra balıq hansı istiqamətdə hərəkət etmək üçün bir anda zəruri qərarı qəbul edir.