SİYASƏT


Yohannes Şnelle: “Azərbaycanın Gənc Dostları Klubu”nun geniş sosial bazası formalaşıb

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Beynəlxalq multikulturalizm yay məktəbi layihəsi müddətində səfərlərdə və mühazirələrdə Azərbaycanda mövcud olan etnik qruplar, dini konfessiyalar haqqında öyrənməklə yanaşı, mən burada həm də çoxlu maraqlı insanlarla tanış oldum. Yeni dostlarımın sırasında azərbaycanlılar da az deyil. Bir ölkəni onun xalqı vasitəsilə tanımaq əvvəlki biliklərinə yeni cizgilər, rənglər qatmaq deməkdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin üzvü, Almaniyanın Humboldt Universitetinin məzunu Yohannes Şnelle ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Yohannes Şnelle deyib: “Azərbaycan haqqında qiyabi bildiklərimin əyani təsdiqini tapması baxımından beynəlxalq multikulturalizm yay məktəbində iştirakım mənim üçün xüsusi fürsət oldu. Bir ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrini yaxından öyrənmək üçün ən yaxşı yol bunu öz gözlərinlə görməkdir. Bu baxımdan Azərbaycanı tanımaq baxımından yay məktəbində iştirak etdiyim 10 gün mənim üçün çox əhəmiyyətli oldu və yaddaşımda dərin izlər buraxdı. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə gənclərinin xaricdə intellektual dostlarının çoxalması naminə mütəmadi olaraq yay və qış multikulturalizm məktəblərinin təşkilinə şərait yaratması bu ölkənin unikal multikulturalizm modelinin təbliği və təşviqi istiqamətində çox əhəmiyyətli addımdır. Bu, çox təsirli və önəmli metoddur.

Azərbaycanın milli rəngarəngliyi haqqında anlayışım var idi. Səfər zamanı isə bu anlayışların doğruluğu bir daha mənim üçün isbatlandı. Yay məktəbi müddətində Azərbaycan musiqisi haqqında mühazirə məndə çox zəngin təəssürat doğurdu.

Mən Bakı şəhərini çox sevdim. Bakı özünəməxsus memarlıq üslubları və dövrlərin təzadlı qarışıqlığı, öz canlı, küləkli küçələri ilə səfərimin ən təsiredici hissəsi oldu.

Yay məktəbində diqqətimi çəkən ən maraqlı mühazirə terrorizm və onun multikulturalizm ideyasına qarşı yaratdığı təhlükə haqqında olub. Bildiyimə görə, bu ideya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən gəlib və Mərkəz “Terror multikulturalizmə qarşı” adlı mühüm bir layihə həyata keçirir. Bu layihə müxtəlif dövlətlərin gələcəkdə multikulturalizm və terror kimi anlayışları qarşı-qarşıya qoyaraq öz siyasi yolunu müəyyənləşdirərkən bunların hansına üstünlük verməsi ideyasının aydın şəkildə ortaya çıxmasına imkan verəcək.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yaranması özlüyündə çox əhəmiyyətli addımdır və qurumun fəaliyyəti üçün artıq çoxdan geniş sosial baza formalaşıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi mütəmadi yay və qış məktəblərinin “mənəvi övladı” sayıla biləcək birlik bu gün ətrafında onlarla azərbaycansevər dostu birləşdirir. Mən də bu dostların sırasında olduğum üçün məmnunam. Düşünürəm ki, Azərbaycan xalqı ölkə ərazisində əsrlərdir mövcudluğunu sürdürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə tayı-bərabəri olmayan multikultural dəyərləri, unikal multikulturalizm modeli ilə hər cür hörmətə və məhəbbətə layiqdir.

Şübhəsiz Azərbaycanın tarixi, dili, mədəniyyəti, eləcə də multikulturalizm modeli haqqında olan biliklərimi və araşdırmalarımı daha da genişləndirməyi, gələcəkdə bu mövzuda magistr işi üzərində çalışmağı planlaşdırıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.