İQTİSADİYYAT
Yoiçi Kobayaşi: Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri çox geniş şəkildə şaxələnmiş və zənginləşmişdir VİDEO
Tokio, 28 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, fevralın 26-da Tokioda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclası keçirilmişdir. Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyasının həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi iclasda müzakirə edilmiş məsələlərin əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşmüşdür.
Yeddinci iclasın 2011-ci ilin noyabrında Bakıda keçirildiyini xatırladan Y.Kobayaşi demişdir: Ötən dövr Azərbaycanın sürətli inkişafı ilə xarakterizə olunur. Həm də bu inkişaf yalnız neft-qaz sənayesini deyil, iqtisadiyyatın digər sahələrini də əhatə etmişdir. Ötən iclasda Azərbaycan öz niyyətlərini bildirmişdi və biz artıq onların reallığa çevrilməsinin şahidiyik. Buna artıq fəaliyyətə başlamış sənaye parkını misal göstərə bilərik. Azərbaycan rəhbərliyinin iqtisadiyyatın şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi xətti reallığa çevrilməkdədir. Tokioda keçirilən iclasda Azərbaycanın Yaponiya tərəfi qarşısında konkret istiqamətlər üzrə irəli sürdüyü təkliflər də təsdiqləyir ki, ölkənizin iqtisadiyyatı yalnız neft-qaz sahəsində deyil, digər sahələrdə də uğurla irəliləyir. Bu, deməyə əsas verir ki, növbəti iclas tərəflər arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyacaqdır.
Azərbaycan tərəfinin əvvəllər irəli sürdüyü təkliflər içərisində infrastruktur layihələrinin üstünlük təşkil etdiyini xatırladan Y.Kobayaşi bildirmişdir ki, həmin layihələr neft-qaz hasilatı nəticəsində əldə olunmuş gəlir hesabına həyata keçirilirdi. O vaxt Yaponiya şirkətlərinin də qoşulduğu layihələr, onların texniki və avadanlıq təchizatı məhz dövlətçiliyin özülünün möhkəmləndirilməsinə xidmət edirdi. Bu gün isə həmin mərhələ geridə qalmış, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Bunu Tokioda keçirilən iclasda Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərin kosmik sənaye, kosmosun mənimsənilməsi, süni peyklərin buraxılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, səhiyyənin müasir standartlar səviyyəsinə qaldırılması kimi istiqamətləri də təsdiqləyir. Bundan əlavə, enerji layihələri neft-qaz yataqlarından yalnız hasilatı deyil, eyni zamanda emal sənayesini əhatə edir. Həmçinin humanitar əməkdaşlıq sahəsində kadrların hazırlanması kimi məsələlər də gündəmə gəlmişdir. Bütün bunlar deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr çox geniş şəkildə şaxələnmiş və zənginləşmişdir.
Azərbaycanın TANAP və TAP kimi nəhəng beynəlxalq layihələrə imza atmağa başladığını qeyd edən Y.Kobayaşi demişdir ki, bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir. Yaponiya şirkətlərinin həmin layihələrə həm maliyyə mexanizmləri, həm də texnologiya və təcrübəli kadrlarla qatılacağını diqqətə çatdıran yaponiyalı həmsədr bunun iki ölkə arasında əməkdaşlıq münasibətlərini daha da yaxşılaşdıracağını vurğulamışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio