CƏMİYYƏT
“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik ediləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilatı işlər barədə hesabat dinlənilib. Həmçinin komitənin 2016-cı ilin payız sessiyası üçün iş planı təsdiq edilib.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olunub. Bildirilib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda edilən dəyişikliyə əsasən sənədə yeni məzmunda maddələr əlavə olunacaq. Qanuna əlavə edilən yeni 11-1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında (idarə, müəssisə və təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək. Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirəcək.
Təklif olunan yeni 11-2-ci maddəyə əsasən isə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Maddədə, həmçinin səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozmasına dair məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqlə bağlı dövlət müdafiəsi müəyyən edilir və bu hal baş verərsə, məsuliyyətə cəlbetmə təsbit olunur.
İclasda, həmçinin “Yol hərəkəti haqqında” Qanuna ediləcək əlavələr və dəyişikliklər də müzakirə edilib. Dəyişikliklərə əsasən, “CE”, “D” və “DE” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnun müvafiq olaraq 21, 23 və 26 yaşdan verilməsi nəzərdə tutulur. “C” və “DE” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə sahəsində təcrübə üç ildən, “D” kateqoriyasında isə beş ildən az olmamalıdır.
Sonra deputatlar qanun layihəsi haqqında fikir və təkliflərini səsləndirib, dəyişikliklərin əhəmiyyətini qeyd ediblər.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.