REGİONLAR
Yol polisi bayram günləri ərəfəsində Quba və Xaçmazda reydlər keçirir VİDEO
Quba, 27 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günləri ərəfəsində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə turizm rayonları olan Quba və Xaçmazda reydlər keçirir.
AZƏRTAC xəbər verir ki, Quba rayonunda keçirilən reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Reydlərdə iştirak edən BDYPİ-nin yol-patrul xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, qarşıdakı bayram günləri ilə əlaqədar daha çox vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. O qeyd edib ki, bu günlərdə yollarda hərəkətin intensivliyi artdığından sürücülər uzaq yola çıxarkən daha diqqətli olmalı, avtomobillərinin texniki sazlığını yoxlamalı, yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.
Ərəstun Məcidov bayram günlərində Daxili İşlər Nazirliyinin bütün əməkdaşları kimi, yol polisinin də gücləndirilmiş iş rejimində çalışacağını və yollarda hərəkətin təhlükəsizliyini təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcəyini bildirib.
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən reydlər dekabrın 27-də gün ərzində Xaçmaz rayonu ərazisində davam etdiriləcək.