REGİONLAR
Yol polisinin Tovuzda keçirdiyi reyd zamanı 16 sürücü cəzalandırılıb VİDEO
Tovuz, 22 avqust, Famil Quliyev, AZƏRTAC
“Təmiz hava aylığı” çərçivəsində yol polisinin Tovuzda keçirdiyi reyd zamanı 16 sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub.
Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi reyd zamanı avtomobillərin havaya buraxdığı dəm qazının miqdarı yoxlanılıb.
Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Füzuli Məmmədov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, reyd zamanı insanların həyat və sağlamlığının, avtomobillərin zərərli təsirlərdən qorunması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər müsbət nəticələr verib. Reyd zamanı saxlanılan 62 sürücüdən 16-sında qayda pozuntusu aşkarlanıb. Qayda pozuntusu aşkarlanan sürücülərə protokollar tərtib olunub.
Taksi fəaliyyəti ilə qeyri-qanuni məşğul olan, sürücülük vəsiqəsi olmadan texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan nəqliyyat vasitələri də saxlanılaraq həmin sürücülər barəsində müvafiq cəza tədbirləri görülüb.
“Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək.