CƏMİYYƏT


Yol polisinin saxladığı şəxsdən külli miqdarda narkotik maddə götürülüb

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 9-da Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayonu ərazisindəki stasionar postunda “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, posta yaxınlaşan sürücünün əlindəki bükülünü avtomaşının açıq pəncərəsindən yolun kənarına atdığı diqqətdən yayınmayıb. Onun hərəkəti yol polisi əməkdaşlarında şübhə doğurduğundan bu barədə dərhal Hacıqabul Rayon Polis Şöbəsinə məlumat verilib.

Sənədlər yoxlanılan zaman əməliyyat-istintaq qrupu hadisə yerinə gəlib. Hadisə yerinə baxış keçirilərkən sürücünün yol kənarına atdığı, içərisində bükülülər olan bağlama tapılaraq götürülüb və ekspertizaya təqdim olunub. Ekspertiza həmin bağlamadakının ümumi çəkisi 1,574 qram narkotik vasitə olan heroin olması barədə rəy verib.

Hacıqabul Rayon Polis Şöbəsinə gətirilən həmin şəxsin Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Ağamalıyev olduğu müəyyən edilib. Ona məxsus avtomobilə baxış keçirilərkən saxlanc yerindən əlavə olaraq 1 kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.