ELM VƏ TƏHSİL
Yol təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı tədbirlər keçirilir
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və “Həyat” Humanitar Dəstək İctimai Birliyi ilə birgə “Mütləq keç sən keçiddən, uzaq ol təhlükədən!” devizi altında məlumatlandırıcı seminar və məşğələlərə başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərin keçirilməsinin məqsədi məktəbətrafı ərazilərdə təhlükəsiz yollar mühitinin yaradılmasına nail olmaqdır.
“Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun tətbiqi mühüm vasitə kimi” mövzusunda ilk məlumat sessiyası paytaxtın 8 nömrəli tam orta məktəbində keçirilib.
Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin miqyasının artdığını və respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyətini vurğulayıb.
Yol təhlükəsizliyi pasportunun əhəmiyyəti, onun məzmunu və əsas müddəaları barədə danışan “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov keçirilən sessiyaların yol hərəkəti iştirakçılarının davranışında yeni meyillərin yaranmasına və onların daha təhlükəsiz davranmalarına səbəb olacağını bildirib.
Layihə çərçivəsində, həmçinin “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə”, habelə ibtidai sinif şagirdləri üçün hazırlanmış yol təhlükəsizliyi pasportunun sxematik versiyasının təqdimatı keçirilib.
“Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun tətbiqi mühüm vasitə kimi” mövzusunda sessiyası noyabrın 4-dək davam edəcək. Bu müddətdə müvafiq görüşlərin paytaxtdakı 58, 87, 149, 175, 203, 214 252, 258 və 276 nömrəli tam orta məktəb və məktəb-liseylərdə keçirilməsi nəzərdə tutulur.