CƏMİYYƏT


Yol tikintisi ilə bağlı 34 ağac kök torpağı ilə birgə köçürülür

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması və yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə “Azəravtoyol” ASC və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətdə Bakının Moskva prospektində nəqliyyat sıxlığının azaldılması və orta hərəkət sürətinin artırılması məqsədilə yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğu bildirilir. Həmin ərazidə yol ötürücüsünün istinad divarına və yolun işlək hissəsinə yaxın olan ağacların işin başlanılmasına maneə yaratdığı qeyd olunur və Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli qərarına və “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq tikinti altına düşən ağacların götürülməsi üçün dövlət ekspertiza rəyinin verilməsi xahiş edilir.

Bununla bağlı ETSN-in Dövlət Ekspertiza İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Müəyyən edilib ki, yol tikintisi altına 2 Şərq çinarı, 18 Eldar şamı, 4 sərv, 4 zeytun və 6 oleandr ağacı düşür. Ümumilikdə ərazidə 34 ağac və bir neçə kol bitkisinin tikinti layihəsinə maneə yaratdığı qeydə alınıb. Tikintinin dövlət əhəmiyyətli olduğu nəzərə alınaraq mövcud tələblərə və qaydalara uyğun ağacların budanaraq köçürülməsinə rəy verilib.

Ekspertiza rəyinin tələbləri əsasında “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə müqavilə bağlanılıb və sentyabrın 3-dən ağacların köçürülməsinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında ETSN tərəfindən alınmış xüsusi texnikalardan istifadə olunmaqla, budandıqdan sonra ağaclar kök torpağı ilə birgə çıxarılaraq daha uyğun və tikinti-qazıntı aparılması təhlükəsi olmayan ərazilərə köçürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.