REGİONLAR
Yola saldığımız ildə Biləsuvarda mühüm infrastruktur layihələri həyata keçirilib
Biləsuvar, 30 dekabr, Mahir Babayev, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Biləsuvardakı Heydər Əliyev parkında bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bayramsayağı bəzədilən meydanda 16 metr hündürlüyündə quraşdırılan yolka ətrafında dövrə vuran balacaların şən nəğmələri, ifa etdikləri rəqslər, mahnılar tədbirin rəngarəngliyini daha da artırıb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov sakinləri təbrik edib, xoş arzularını bildirib. Qeyd edilib ki, yola saldığımız ildə rayonda mühüm infrastruktur layihələri həyata keçirilib, yeni küçələr, yollar salınıb, kənd və qəsəbələr abadlaşdırılıb.
Dünya Azərbaycanlıların Həmrəylik Günü barədə məlumat verən natiq vurğulayıb ki, bu məfkurənin formalaşması və onun vahid dövlət siyasətinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə dünya birliyində özünə layiqli yer tutan müstəqil Azərbaycanın hər bir soydaşımız üçün fəxr mənbəyi olduğu söylənilib, Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı ildə daha böyük uğurlara imza atılacağına əminlik ifadə olunub.
Mərasim Şaxta baba və Qar qızın bayram təbriki və maraqlı konsert proqramı ilə davam edib.
Sonda balacalara bayram hədiyyəsi paylanılıb.