İQTİSADİYYAT
Yollardakı vəziyyəti göstərən tablolarda dəyişiklik edilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin işini daha da asanlaşdırmaq üçün yenilik təqdim edir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvarından etibarən paytaxt yollarının kənarlarında yerləşən elektron informasiya tablolarını daha başa düşülən etmək üçün yeniliklər tətbiq olunmuşdur. Belə ki, istiqamətləri göstərən qrafiklərə küçə və prospektlərdəki dairələr də əlavə edilmişdir ki, bu da sürücülərin işini daha da yüngülləşdirir (misal üçün Azneft dairəsi, Ukrayna dairəsi və s). Bundan başqa, tablolarda yollar hərəkət istiqamətləri üzrə əks olunmuş, yazıların ölçüsü isə mümkün qədər böyüdülmüşdür.
Qrafik şəkildə təqdim edilən istiqamətlər nəqliyyat axınının intensivliyinə görə müxtəlif rənglərlə qeyd olunur. Yaşıl rəngli qrafiklər yoldakı sıxlığın normal olduğunu və avtomobilin sərbəst hərəkət edə biləcəyini, sarı rəngli qrafiklər yolun nisbətən sıx və hərəkətin aşağı sürətli olması mənasını verir. Qırmızı rəngli qrafiklər isə yolun tıxaclı olduğunu göstərir.