REGİONLAR
Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər aparılır
Naxçıvan, 27 fevral, AZƏRTAC
İnsanlarda botulizm xəstəliyi müxtəlif konservlər, turşular, bəzi qidaların qəbulu nəticəsində baş verir. Xəstəliyin ilk əlamətləri baş ağrısı, tənəffüsün çətinləşməsi, mədə ağrıları, baş gicəllənməsi, göz bəbəyinin genişlənməsi ilə müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvanda “Botulizm xəstəliyinin etiologiyası, patogenezi, klinikası və diaqnostikası” mövzusunda keçirilən konfransda danışılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Süleyman Cəfərov konfransı açaraq, əhali arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin aparılması və müalicə işinin təşkili barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkimi Süleyman Cabbarov “Botulizm xəstəliyinin etiologiyası, patogenezi, klinikası və diaqnostikası”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Nevrologiya Şöbəsinin müdiri Zakir Səfərov “Botulizm xəstəliyində nevroloji əlamətlər və onun diferensial diaqnostikası”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin həkim-anestezioloq reanimatoloqu Bəxtiyar Hüseynov “Botulizm xəstəliyinin müasir müalicə tədbirləri və reanimasiya xidməti” mövzularında çıxışlar ediblər.
Qeyd olunub ki, botulizmin mikrobları uşaqlara daha güclü təsir göstərir, onların orqanizminin bəzi üzvlərini zədələyir. Xəstələrdə mərkəzi sinir sistemini pozur, bakteriyalar toksin yaradır. Bu da tənəffüsü çətinləşdirir. Vaxtında müalicə aparılmadıqda insanın onurğa beyninin fəaliyyətini dayandırır və ölümlə nəticələnir. Buna görə də botulizm xəstəliyinə qarşı mütəmadi profilaktik tədbirlər həyata keçirilməli və tez bir zamanda müalicə işinə diqqət yetirilməlidir.