REGİONLAR
Yonca bağlamasının bir ədədi yayda 1-2, qışda isə 3-4 manata satılır
Lənkəran, 9 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda heyvandarlıq sahəsində məhsuldar yem bitkisi olan yoncanın ilk biçim kampaniyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, yonca əkini sahələrinin genişləndirilməsi rayonda heyvandarlığın yem bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Lənkəranın Vel kəndində fermerlərə məxsus yonca sahələri təxminən 20 hektara yaxındır. Payızda əkilən bitki yaz fəslində sürətlə inkişaf edir. Mövsüm ərzində sahələrə aqrotexniki qulluq göstərilir, gübrələr verilir, müxtəlif zərərvericilərə qarşı tədbirlər görülür.
Hazırda təsərrüfatçılar pay torpaqlarında əkdikləri yoncanın biçinini həyata keçirirlər. Fermer Mürsəl Quliyev bildirib ki, havaların qeyri-sabit keçməsi məhsuldarlığı bir qədər aşağı salıb. Hər hektardan 200-220 ot bağlaması tədarük edilib. Amma buna baxmayaraq, fermerlərə dövlət tərəfindən göstərilən dəstək onları gələcəkdə sahələri artırmağa ümidləndirir.
Ot bağlamasının qiyməti yay mövsümündə 1-2 manat olduğu halda, qış mövsümündə 3-4 manata satılır.
Fermerlərin sözlərinə görə, bir hektar otun biçilməsi 35 manata, bir bağlamanın preslənməsi isə 30 qəpiyə başa gəlir.
Təsərrüfatçılar yoncanın rentabelli bitki olduğunu deyirlər. Ona görə ki, ot təsərrüfatında az vəsaitlə daha çox gəlir əldə etmək imkanı var.
Əkilən yonca sahələri mövsüm ərzində 4 dəfə biçiləcək. Toplanan ot bağlamaları Lənkəranla yanaşı, ətraf rayonların sakinlərinə də satılır.