DÜNYA
YouTube ödənişli musiqi xidmətini yayın sonunda işə salacaqdır VİDEO
Bakı, 19 iyun (AZƏRTAC). “Google” veb-korporasiyasına mənsub olan “YouTube” videohostinqi tezliklə ödənişli sxem üzrə işləyəcək musiqi xidmətini sınaqdan çıxarmağa başlayacaqdır.
“YouTube” videohostinqinin ödənişli musiqi xidməti yaratmağı planlaşdırdığı 2013-cü ilin payızında məlum olmuşdur. O zaman xəbər verilmişdi ki, kompozisiyaları fərdi kompyuterlərdə və mobil qurğularda (smartfonlarda və planşetlərdə) dinləmək mümkün olacaqdır, abunə haqqı isə ayda təqribən 10 ABŞ dolları olacaqdır. Özü də istifadəçilər hər hansı reklamdan tamamilə xilas olacaqlar.
İndi “YouTube” videohostinqinin nümayəndələri bildirmişlər ki, yeni xidmət yayın sonunda işə salınacaqdır. Məlumdur ki, xidmət oflayn səsləndirmə üçün trekləri saxlamağa imkan verəcəkdir. İstifadəçilər həm ayrı-ayrı kompozisiyaları, həm də albomları dinləyə biləcəklər. “YouTube” videohostinqinin tərəfdaşları “yüzlərlə müstəqil naşir və aparıcı leybllərdir”.
Bir sıra şəbəkə mənbələrinin məlumatına görə, “YouTube” bir sıra studiyaların materiallarını öz ödənişsiz videohostinqində qadağan edə bilər. Bu, guya ödənişli musiqi xidmətinin işə salınması ilə əlaqədar yeni saziş bağlamaqdan imtina edən müstəqil səsyazma markalarına aiddir. Qeyd edildiyi kimi, “YouTube” videohostinqinin indiyədək əməkdaşlıq etdiyi studiyaların 95 faizi ilə razılaşma əldə olunmuşdur.