CƏMİYYƏT
“Youth Inc.” və “İT Park-Kazan” arasında memorandum imzalanıb
Bakı, 27 sentyabr, AZƏRTAC
“Yeni nəsil: Sərhədsiz məsuliyyət” IV Rusiya–Azərbaycan Gənclər Forumu çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi ilə “İT Park-Kazan” arasında memorandum imzalanıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, memorandumu "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Seymur Hüseynov və “İT Park-Kazan”ın direktoru Anton Graçev imzalayıblar. Memoranduma əsasən əməkdaşlıq çərçivəsində gənc sahibkarlar arasında təcrübə və resursların bölüşülməsi, eləcə də startap və mentor mübadiləsinin reallaşması gözlənilir.
Üç gün davam edən forumda, eyni zamanda, DVC-nin “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı təqdim edilib. İctimai Birliyin icraçı direktoru Ələkbər Mustafayev proqram haqqında məlumat verib. Həmçinin forumda ictimai təşkilatların nümayəndələri iqtisadi sahədə, eləcə də tarixi və mədəni irsin qorunması mövzularını əhatə edən seksiyalar təşkil olunub. Seksiyalarda iştirak edən “Youth Inc.” Proqramının nümayəndələri inkubasiya və akselerasiya proqramlarının yaradılması, iki ölkə arasında informasiya və təqdimat turlarının təşkili, vençur və investisiya yarmarkalarının təşkili və digər mövzularda aparılan müzakirələrə qoşulublar.
Qeyd edək ki, “Yeni nəsil: Sərhədsiz məsuliyyət” IV Rusiya–Azərbaycan Gənclər Forumu sentyabrın 22-dən 25-dək Tatarıstanın paytaxtı Kazanda keçirilib. Rusiyanın ən böyük informasiya və texnologiyalar parkı olan “İT Park-Kazan”da keçirilən forumun məqsədi Azərbaycan və Rusiyada gənclər təşkilatlarının nümayəndələri arasında əməkdaşlığın inkişafı, iki dövlət arasında dostluğun gücləndirilməsi, eləcə də birgə layihə və proqramların həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması olub.