İDMAN
Yozef Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilib [YENİLƏNİB]
Sürixdən sensasiyalı xəbər gəlib. İordaniya şahzadəsi Əli bin əl-Hüseynin ikinci turda iştirakdan gözlənilmədən imtina etdiyi bildirilir.
Beləliklə, Yozef Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilib.
X X X
22:19
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, səsvermənin birinci turu başa çatıb. Səsvermənin yekunlarına görə, bu turda FİFA prezidenti Yozef Blatter seçilmək üçün tələb olunan 140 səsdən 133-nü toplaya bilməyib. Qələbə qazanmaq üçün onun 7 səsi çatmayıb.
İordaniya şahzadəsi Əli bin əl-Hüseynə isə cəmi 73 səs verilib.
Qaydalara görə, seçkilərin ikinci turu keçirilməlidir.
X X X
21:10
Bu dəqiqələrdə Sürixdə FİFA-nın yeni prezidentinin seçkiləri keçirilir. Federasiyanın rəhbəri postuna indiki prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn iddia edirlər.
İlk turda qələbə qazanmaq üçün namizədlərdən biri 209 nümayəndədən azı 140-nın səsini almalıdır. İkinci tur keçiriləcəyi təqdirdə, konqresin azı 105 iştirakçısının səsini qazanan namizəd FİFA-nın prezidenti seçiləcək.
Səsvermə FİFA-da korrupsiya qalmaqalı və təşkilatın bir sıra yüksək vəzifəli məmurlarının həbsi fonunda keçirilir.
ABŞ başda olmaqla, Y.Blatterin əleyhdarları onun beşinci müddətə seçilməsinə imkan verməyəcəklərini gizlətmirlər.