ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkı elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platformasına çevriləcək

Bakı, 24 iyul, M.Dadaşov, P.İmanova, AZƏRTAC 

Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının mühüm hədəflərindən biri respublikamızda biliklər cəmiyyətinin qurulmasıdır. Bunun üçün ən mühüm faktor sosial tərəqqi modeli kimi “elm-təhsil-istehsalat qızıl üçbucağı”nın yaranmasına nail olmaqdır. Bu isə elm və təhsilin tədris prosesində, texnoparklarda, elmi-tədqiqat laboratoriyalarında birgə iştirakı, həmçinin kadr potensialının və maddi-texniki bazanın imkanlarının məqsədyönlü əlaqələndirilməsini tələb edir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ötən ilin dekabrında keçirilən ümumi yığıncağının və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasının nəticələri bunu bir daha təsdiqləyir. Sessiyada səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq, elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planı qəbul olunub. Sənədin mühüm bəndlərindən biri AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor imkanlarının ali təhsil müəssisələri ilə əməkdaşlıq platformasına çevrilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir.

AZƏRTAC xəbər verir ki, iyulun 24-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və digər rəhbər vəzifəli şəxslər Yüksək Texnologiyalar Parkında olublar. Tədbir burada yaradılmış Texnologiyaların və İnnovasiya Məhsullarının Transferi Mərkəzi, o cümlədən parkın potensial rezidentlərinin fəaliyyəti ilə tanış olmaq məqsədilə təşkil edilib.

Əvvəlcə tədbir iştirakçıları AMEA-nın Təcrübə-Sənaye Zavodunun və “Millers-Oils Azərbaycan” MMC-nin yağ istehsal sahələrinə və hazır məhsul anbarlarına baxıblar. Sonra pilotsuz uçan aparatların istehsal sahələri, parkın mərkəzləşdirilmiş analitik laboratoriyası, o cümlədən radio ekoloji monitorinq sisteminə baxış keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat və magistrantlarından ibarət qrupların yaradılaraq Yüksək Texnologiyalar Parkında perspektiv layihələrə cəlb edilməsi tədbir iştirakçılarının maraq və rəğbətinə səbəb olub.

Tədbirdə ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh iki qurumun – AMEA və Təhsil Nazirliyinin gələcəkdə də birgə əməkdaşlığının vacibliyi vurğulanıb. Bildirilib ki, elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi Yüksək Texnologiyalar Parkının imkanlarından geniş istifadə etmək məqsədilə layihələr həyata keçiriləcək. AMEA ilə BMU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin açılışı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.