ELM VƏ TƏHSİL
Yüksәk Texnologiyalar Parkının iclasında rezidentlik statusuna iddia edən şirkətlərin təqdimatı olub
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksәk Texnologiyalar Parkının (YTP) ekspertlər şurasının iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ekspertlər şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev tədbirin rezidentlərin təqdimatlarını dinləmək və onlarla tanışlıq xarakteri daşıdığını bildirib. Akademik şuranın "Ekspert şuraları haqqında" Əsasnaməyə uyğun fəaliyyət göstərdiyini söyləyib və tərkibi haqqında məlumat verib.
Tədbirdə çıxış edən AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev vurğulayıb ki, şuranın əsas məqsədi rezidentlik almaq üçün müraciətləri qiymətləndirməkdir. İlkin sənədlər paketinin və ərizələrin qəbul olunduğunu deyən V.Babayev iclasda dörd potensial rezidentin təqdimatla çıxış edəcəyini vurğulayıb.
Sonra rezidentlik statusuna iddia edən şirkətlərin rəhbərləri – "Millers-Oils Azərbaycan" MMC-nin direktoru Martin Gough, AMEA Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov, AMEA Elm və Texnologiya Parkı MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev, "Agro Bio Eco Tech" MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Əli Bala Əlizadə təmsil etdikləri qurumların tarixi və fəaliyyətinə dair təqdimatla çıxış ediblər.
Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və yekun qeydlər edilib.