REGİONLAR


Yüksək balla universitetə qəbul olan tələbələrə NDU-nun tələbə biletləri təqdim edilib

A+ A

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Bilik günü Naxçıvan Dövlət Universitetində (NDU) hər il bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Sentyabrın 15-də keçirilən tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, müəllim və tələbələri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizdə, o cümlədən muxtar respublikada ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin bu gün uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, NDU yarım əsrə yaxın tarixi inkişaf yolu keçən, çoxillik ənənələrə söykənən, yüksəkixtisaslı mütəxəssislər hazırlayan, güclü maddi-texniki bazaya və geniş beynəlxalq əlaqələrə malik olan ali təhsil ocağıdır. 12 fakültə, 56 ixtisasın fəaliyyət göstərdiyi, 5 mindən çox tələbənin ali təhsil aldığı universitetdə müasir tədris korpusları, elektron kitabxana, Tələbə Sosial Xidmət Mərkəzi, Tələbə Evi, Qonaq evi, idman meydançaları, xəstəxana mövcuddur. Ali təhsil almaq üçün NDU-nu seçən yüksək bal toplayan abituriyentlərin, xarici ölkə vətəndaşlarının sayı artmaqdadır. 1068 bakalavr, 114 magistr yeni tədris ilində bu ali məktəbdə təhsil alanlar sırasına qoşulur.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid “Kredit sisteminin tələbləri” mövzusunda məruzə edərək xatırladıb ki, Boloniya prosesi 2009-cu ildən etibarən NDU-da uğurla tətbiq olunur.

Məruzədə tədris prosesinin kredit sistemi əsasında təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, kredit sistemində tədris-metodiki təminat, tədris prosesindəki yeniliklər, yay məktəbinin təşkili qaydaları və digər məsələlər barədə məlumat verilib.

Tədbirdə 600-dən yuxarı balla NDU-nun sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olan Nərmin Ağayeva, Qəndab Zeynalova və Sona Əliyeva birinci kurs tələbələri adından çıxış edərək ölkədə təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq ediblər. Tələbələr bildiriblər ki, onlara göstərilən yüksək etimadı təhsildə qazanacaqları uğurlarla doğruldacaqlar.

Sonra 600-dən yuxarı balla universitetə qəbul olan tələbələrə tələbə bileti və “Naxçıvan Ensiklopediyası” kitabı təqdim olunub.

Tədbir universitetin tarixi inkişaf yolunu əks etdirən filmin nümayişi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.