ELM VƏ TƏHSİL
Yüksək məhsuldarlıq əldə etməyə imkan verən boy maddələri sahə sınaqlarından uğurla keçirilib
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələri sahə sınaqlarından uğurla keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu boy maddələri pambıq, qarğıdalı, noxud, taxıl və s. bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kiloqram pambıq çiyidi 24 saat bu məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə faktiki olaraq yüz faizli bitiş əldə olunur. Belə ki, bitki sürətlə böyüyür, bir kolda qozaların sayı bir neçə dəfə çox olur.
Boy maddələri, eyni zamanda, meyvə tinglərinin (nar, tut, alça, alma, üzüm, badam, zeytun və s.) yetişməsində də uğurla sınaqdan keçirilib. Bu maddə ətraf mühit üçün ekoloji gərginlik yaratmır.