REGİONLAR


Yüksək nəticə göstərən şabranlı məzun: Məşhur kardioloq-cərrah olmaq istəyirəm

Şabran, 7 iyul, Elxan Yusifli, AZƏRTAC

Ən böyük arzum dünyada məşhur kardioloq-cərrah olmaqdır. Azərbaycanda təhsilimi bitirdikdən sonra nüfuzlu xarici universitetlərin birində ixtisasım üzrə biliklərimi daha da artırmaq istəyirəm. Təbii ki, xaricdə təhsilimi başa vurduqdan sonra Vətənimə dönüb xalqıma xidmət edəcəyəm.

AZƏRTAC xəbər verir ki, bu sözlər ali məktəblərə qəbul imtahanlarında Şabran rayonu üzrə ən yüksək nəticə göstərən, Roman Yusifov adına 2 nömrəli tam orta məktəbin məzunu Nəzrin Quliyevaya məxsusdur.

N.Quliyeva Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında IV qrup üzrə 641 bal toplayıb.

Nəzrin bildirib ki, yüksək bal toplamaq üçün qarşıya məqsəd qoymalı və özünə inanmalısan: “Təbii ki, təkcə bununla hər şeyə nail olmaq mümkün deyil. Həmin məqsədə çatmaq üçün zəhmət çəkmək lazımdır. Təkcə son 2-3 ili deyil, bütün 11 ili oxumalı, çalışmalısan. Bundan başqa, istirahət rejimi də düzgün qurulmalıdır. Bütün bunlara əməl etməklə uğura daha da yaxınlaşmaq mümkündür.”

Şabranlı məzun valideynlərinin və müəllimlərinin inamını doğrultduğu üçün çox sevinir. “İmtahandan əvvəl üzərimdə böyük məsuliyyət hiss edirdim. Bunun üçün də çox çalışırdım. İmtahan günü də həyəcanlı idim. Amma bu, imtahan başlayana qədər davam etdi. Sual kitabçamı açandan sonra fikrimdəki hər şeyi kənara qoydum və bütün diqqətimi suallara cəmlədim. Nəticələr açıqlandı. 641 bal topladım. Zəhmətim bəhrəsini verdi. Buna görə çox sevinirəm”, - deyə o bildirib.

Nəzrin Quliyeva bu nəticə ilə kifayətlənmək fikrində deyil. Növbəti qəbul imtahanında da biliyini sınayacağını bildirən məzun daha yüksək nəticəyə nail olmaq istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.