REGİONLAR


Yüksək nəticə ilə ali məktəblərə daxil olan məzunlar və qabaqcıl müəllimlər mükafatlandırılıb

A+ A

Beyləqan, 8 sentyabr, AZƏRTAC

Xocavənd rayonu üzrə 17 ümumtəhsil, o cümlədən 11 tam orta, 2 ümumi orta, 4 ibtidai məktəb xocavəndli məcburi köçkünlərin daha sıx məskunlaşdıqları respublikanın 5 şəhər və rayonunda fəaliyyət göstərir. Ötən tədris ilində bu məktəblərdə 1921 şagirdin təlim tərbiyəsi ilə 350 pedaqoji işçi məşğul olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki mədəniyyət evində keçirilən təhsil işçilərinin konfransında məlumat verilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Rayon təhsil şöbəsinin müdiri Ümidvar Məmmədovun məruzəsində ötən dərs ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, 2015-2016-cı tədris ilində də rayonun şagirdləri respublika fənn olimpiadalarında, müxtəlif yarış və müsabiqələrdə fəal iştirak ediblər. Bu il rayon məktəblərini bitirmiş 113 məzundan, 35 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Salakətin kənd tam orta məktəbinin məzunları Vüsalə Quliyeva 593 bal, Günay Astanova 590 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə göstəriblər.

Konfransda yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs olunarkən bildirilib ki, məktəblərə yeni dərsliklər çatdırılıb. Müəllimə ehtiyacı olan məktəblərdə işləmək üçün 11 gənc müəllim test və müsabiqədən keçərək rayona göndərilib.

Çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışıblar.

Sonra yüksək nəticə ilə ali məktəblərə daxil olan məzunlara və qabaqcıl müəllimlərə mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.