SİYASƏT
Yulius Maynl: Azərbaycan multikulturalizm və tolerantlığın əsl nümunəsidir
Bakı, 23 sentyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauderin başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Azərbaycanda səfərdə olub. Beynəlxalq münasibətlər sahəsində israilli eksperti Arye Qut nümayəndə heyətinin üzvü, Avrasiya Yəhudi Konqresinin (AYK) prezidenti Yulius Maynldan AZƏRTAC üçün eksklüziv müsahibə alıb.
Y.Maynl Avstriyada, sahibkarlar ailəsində anadan olub. O, Sent Qalen Universitetini (İsveçrə) iqtisadiyyat və maliyyə ixtisası üzrə bitirib. Biznes karyerasına 1981-ci ildə başlayıb, hazırda “Julius Meinl AG” və “Meinl Bank AG” Qəyyumlar Şurasının sədri vəzifəsini tutur. Xeyriyyə işlərində fəal iştirak edən Y.Maynl Avstriya yəhudi icmaları təsisatlarına, o cümlədən Vyanada Lauder Sahibkarlıq Məktəbinə dəstək verir. “Meinl Bank AG”nin fəaliyyət göstərdiyi ərazilərdə – keçmiş Sovet İttifaqı, Mərkəzi və Şərqi Avropa, eləcə də İsraildə yəhudi icmalarını dəstəkləyir. 2014-cü ilin fevralında Yerusəlimdə keçirilən Avrasiya Yəhudi Konqresinin Baş Assambleyasında qurumun prezidenti seçilib.
AZƏRTAC-a müsahibəsində Azərbaycan dövlətinin başçısı ilə görüşün çox səmimi mühitdə keçdiyini vurğulayan AYK prezidenti Yulius Maynl deyib: “Mən Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü yüksək qiymətləndirirəm. Biz qarşı qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq, Azərbaycanın yəhudi icmasına səmimi münasibət məsələlərini müzakirə etdik”.
Avropada antisemitizm kimi gələcək təhlükələr məsələsinə toxunan Y.Maynl bildirib: “Siz azğın və aqressiv antisemitizmin şiddətləndiyi Avropadakı vəziyyəti çox yaxşı bilirsiniz. Bu gün Avropada yəhudi məktəbləri və sinaqoqları təhlükəsizlik qüvvələri və polis əməkdaşları tərəfindən çox ciddi qorunur. Burada, Azərbaycanın gözəl paytaxtı Bakıda isə mən yəhudi məktəblərinə və sinaqoqlarına dəfələrlə baş çəkmiş, yəhudi qardaşlarımın sabitlik, təhlükəsizlik və rifah içində yaşadığını öz gözlərimlə görmüşəm. Azərbaycan rəhbərliyi burada nüfuz və hörmət sahibi olan yəhudi icmasının qayğısına qalır. Biz Qırmızı Qəsəbədə olduq, yəhudi icmasının üzvləri ilə söhbət etdik, gözəl evlər və möhtəşəm sinaqoq gördük. Bütün bu faktlar Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin yəhudi icmasına həqiqi səmimi münasibətini, habelə Azərbaycanın əsl multikulturalizm və tolerantlıq nümunəsi olduğunu təsdiqləyir”.
Y.Maynl İkinci Dünya müharibəsi və Holokost zamanı Avropa yəhudilərinin xilas edilməsində Azərbaycan xalqının böyük və əvəzsiz rolunu xatırladaraq deyib: “Bilirəm ki, ölümdən qurtulmaq üçün çoxlu sayda yəhudi qaçqını Azərbaycana gəlib və Azərbaycan xalqı yəhudiləri böyük sevgi və hörmətlə qəbul edib. Bu ölkə onlar üçün həqiqi və əsl vətən olub”.
İsrail-Azərbaycan əməkdaşlığının perspektivlərinə toxunan Y.Maynl vurğulayıb ki, İsrail və Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və bu münasibətlər həm Yaxın Şərq, həm də Cənubi Qafqaz üçün çox əhəmiyyətlidir.
Y.Maynl müsahibəsinin sonunda deyib: “Azərbaycan müsəlman dünyasında İsrailin ən yaxın tərəfdaşıdır. İki ölkə arasında etimad əsaslı və düzgün münasibətlər getdikcə genişlənir. İsrail və Azərbaycan arasında bu mühüm əlaqələr gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcək”.