İDMAN
Yunan-Roma güləşçisi Rafiq Hüseynov hərbçilərin dünya idman oyunlarının finalına vəsiqə qazanıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI dünya idman oyunları davam edir.
Turnirdə Azərbaycanın idman şərəfini Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.
Mötəbər turnirdə yunan-Roma güləşi yarışlarının ilk günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparır.
AZƏRTAC xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Hüseynov finala vəsiqə qazanıb. İlk görüşdə Estoniyadan Hardo Tutsu məğlub edən (8:2) idmançımız sonra litvalı Yulius Mateuzeviçusa 4:0 hesabı ilə qalib gəlib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Rafiq Hüseynovun qələbəsi ilə nəticələnib (4:1) və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleev olacaq.
Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75 kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaqlar.
Xatırladaq ki, sərbəst güləş yarışlarında Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıblar.