İDMAN
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının açıq məşqi VİDEO
Bakı, 15 iyul (AZƏRTAC, Məmməd İsayev). İyulun 25-dən 27-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.
Yarışda iştirak edəcək güləş üzrə yığma komandalar təlim-məşq toplanışlarını davam etdirir. Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası Olimpiya Güləş Mərkəzində hazırlıq keçir. Təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Serbiya və Norveç güləşçiləri də iştirak edirlər. Təlim-məşq toplanışları həm də sentyabrda Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
AZƏRTAC xəbər verir ki, iyulun 15-də mərkəzdə turnirə hazırlaşan yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib.
Yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi jurnalistlərə müsahibəsində dünya kuboku yarışlarında qazanılan tarixi nailiyyəti vurğulayaraq güləşçilərimizin qarşıdakı turnirə ciddi hazırlaşdıqlarını bildirib. Qeyd edib ki, “Qızıl Qran-pri” turniri dünya çempionatına hazırlıq yarışlarından biridir. Hər iki yarış bizim üçün vacibdir. Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz vardır. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda “Qızıl Qran-pri” beynəlxalq turnirində uğurlu çıxış etmək tapşırığı qoyulub. Ən azından keçən il turnirdə əldə olunmuş nəticəni təkrarlamağa çalışacağıq. Turnir həm də dünya çempionatı üçün seçimdir. Dünya çempionatına güclü heyət göndərmək üçün turnirin sonunda yığmamızın tərkibini müəyyənləşdirəcəyik.
Hazırlığın uğurla keçdiyini deyən yığmamızın üzvü Rəsul Çunayev qeyd edib ki, məqsədimiz bacardıqca çox medal qazanmaqdır. Bu tapşırığın öhdəsindən gələcək səviyyədəyik. Mənim üçün rəqibin titullu və ya təcrübəsiz olması böyük önəm kəsb etmir. Hər bir görüşə xüsusi hazırlaşıram. Həm qarşıdakı turnirdə, həm də dünya çempionatında yaxşı nəticə göstərməyə və bayrağımızı yüksəltməyə çalışacağam.
Bakıda keçiriləcək “Qızıl Qran-pri” beynəlxalq turnirində dünyanın 40-a yaxın ölkəsindən 400-dək idmançı iştirak edəcək.