İDMAN
Yunan-Roma güləşi üzrə idmançılarımız dünya çempionatında ikinci yeri tutublar VİDEO
Bakı, 17 iyul (AZƏRTAC). Azərbaycanın yunan-Roma güləşi üzrə idmançıları Slovakiyanın Snina şəhərində keçirilən yeniyetmə güləşçilərin dünya çempionatında uğurla çıxış ediblər.
Çempionatın ikinci günündə 42, 46, 69, 76 və 85 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, güləşçilərimiz yarışın ikinci günündə iki gümüş və iki bürünc medal qazanıblar. Ümumilikdə 3 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında 49 xal toplayaraq dünya çempionatını ikinci sırada tamamlayıblar. Rusiya yığması eyni xalla birinci, İran millisi isə 43 xalla üçüncü olub.
Çempionatda 46 kq çəki dərəcəsində mübarizə aparan Seymur Hüseynov ilk görüşdə Rusiya təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Qazaxıstan güləşçisini məğlub edən Seymur həlledici qarşılaşmaya çıxıb. O, bürünc medal uğrunda Türkiyə güləşçisini üstələyib və dünya çempionatını üçüncü sırada tamamlayıb.
Yarışlarda 69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov mübarizəyə 1/16 final mərhələsindən qoşulub. İsveçrə, Çexiya və İsveç güləşçilərini məğlub edən İ.Dadov yarımfinalda Xorvatiya güləşçisinə minimal hesabla məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Qazaxıstan təmsilçisi ilə gərgin keçən qarşılaşmanı qələbə ilə başa vuraraq yığmamıza daha bir medal qazandırıb.
Çempionatda 76 kq çəki üzrə güləşçimiz Nicat Abdullayev Avstriya, Bolqarıstan və Belarus güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda İran güləşçisinə uduzan N.Abdullayev gümüş medalla kifayətlənib.
Yarışda 85 kq-da mübarizə aparan Soslan Fanziyev finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. ABŞ, Finlandiya və Belarus güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda Ukrayna idmançısına uduzaraq gümüş medalla kifayətlənib.