İDMAN
Yunan-Roma güləşi üzrə yığma komandanın açıq məşqi keçirilib
Bakı, 30 may, Həsrət Mahmudova, AZƏRTAC
Güləş üzrə Azərbaycan yığma komandaları birinci Avropa Oyunlarına hazırlıqları davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Olimpiya Güləş Mərkəzində hazırlıq keçən yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi olub.
Komandanın baş məşqçisi Cəmşid Xeyrabadi dünya kubokunda qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, güləşçilərimizin qarşıdakı yarışlara böyük məsuliyyətlə hazırlaşdıqlarını bildirib. O deyib ki, komandanın bütün üzvləri - həm güləşçilər, həm də məşqçilər birinci Avropa Oyunlarında Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaqda qətiyyətlidirlər. Bunun üçün güləşçilərimiz var gücləri ilə mübarizə aparacaqlar.
“Komandada ümumi ab-hava çox yüksəkdir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda birinci Avropa Oyunlarında uğurlu çıxış etmək vəzifəsi durur. Bu tədbirin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Peşəkar məşqçi kimi, idmançılarımızın medal qazanacaqlarına əminəm. İdmanın bu növündə neçə medal qazanmağı təxmin etmək mümkün olmur. Komandamızda bütün çəki dərəcələri üzrə yüksək səviyyəli güləşçilərimiz var”, - deyə idman mütəxəssisi bildirib.
C.Xeyrabadi qeyd edib ki, birinci Avropa Oyunlarında əsas rəqiblərimiz Gürcüstan, Türkiyə, Rusiya, və Macarıstandır. Bu ölkələrin çox güclü komandaları var. Ümid edirəm ki, Azərbaycan komandası hamısından daha yaxşı çıxış edəcək. Komanda daxilində rəqabət də çox yüksəkdir. Düzdür, əksər çəkilər üzrə birinci Avropa Oyunlarında kimin iştirak edəcəyi barədə yekun qərar hələ verilməyib. Əmin ola bilərsiniz ki, yarışlarda döşək üzərinə çıxacaq hər bir idmançımız yalnız qızıl medal uğrunda mübarizə aparacaq.