REGİONLAR
Yunan-Roma güləşi üzrə yoldaşlıq görüşü
Naxçıvan, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Naxçıvan” və “Ordubad” komandaları arasında yunan-Roma güləşi üzrə yoldaşlıq görüşü olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək, muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan ətraflı söhbət açıb, yarışda iştirak edən idmançılara uğurlar arzulayıb.
Naxçıvan Şəhər və Ordubad Rayon Gənclər və İdman idarələrinin və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 11 çəki dərəcəsində 70-ə yaxın idmançı iştirak edib. 7:4 hesabı ilə “Naxçıvan” komandasının qalib gəldiyi yarışda Qaim Rəhimov (Ordubad), Tuncay Məmmədov (Naxçıvan), Qurban Xudiyev (Naxçıvan), Elis Əliyev (Ordubad), Heydər Nəcəfov (Naxçıvan), Kamran Məmmədov (Naxçıvan), Həsənqulu Bağırov (Naxçıvan), Elvin Rəhimov (Ordubad), Valeh Əliyev (Naxçıvan), Əli Həsənov (Naxçıvan), Ruslan Cəfərov (Ordubad) müvafiq çəki dərəcələrində fərqlənib və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.