İQTİSADİYYAT
Yunan iş adamları Azərbaycan məhsullarının Yunanıstan bazarına çıxarılmasında maraqlıdır
Bakı, 24 may, AZƏRTAC
Yunan iş adamları Azərbaycan məhsullarının Yunanıstan bazarına çıxarılmasında maraqlıdır.
Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bu fikir AZPROMO-nun rəhbəri Rüfət Məmmədovun Yunanıstan-Azərbaycan Ticarət Palatası və Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri ilə keçirdiyi üçtərəfli görüşdə səsləndirilib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov yunan qonaqlara Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, Azərbaycanda uğurla fəaliyyət göstərən yunan şirkətlərindən danışıb, ölkəmizin tranzit və investisiya imkanları, istehsal olunan ixrac qabiliyyətli məhsullar barədə məlumat verib.
Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri investorlar üçün parkda yaradılan şərait, infrastruktur, vergi və digər güzəştlər haqda təqdimatla çıxış ediblər.
Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Kostas Vamvakas rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib. K.Vamvakas Azərbaycandakı investisiya mühitinin, sənaye parklarında investorlar üçün yaradılmış əlverişli şəraitin, həmçinin Azərbaycan məhsullarının Yunanıstan bazarına çıxarılması imkanlarının yunan iş adamlarının marağına səbəb olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan və Yunanıstanın qarşılıqlı investisiya qoyuluşu məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.