DÜNYA
Yunanıstan Prezidenti: Afina borclarını ödəyəcək və avrozonada qalacaq
Bakı, 27 aprel, AZƏRTAC
Yunanıstan Prezidenti Prokopis Pavlopulos öz çıxışında Afinanın avrozonadan çıxmasının qəti əleyhinə olduğunu bildirib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Yunanıstanı Avropadan kənarda təsəvvür etməyin mümkün olmadığını deyən Prokopis Pavlopulos ölkəsinin 70-ci illərdə Avropanın bir hissəsi olmaq üçün xeyli səy göstərdiyini də diqqətə çatdırıb. Prezidentin sözlərinə görə, Afina borclarını “son avroya qədər” ödəyəcək. “Biz tənzimlənmiş büdcəyə uyğun olaraq fəaliyyət göstərməli və borclarımızın miqdarını tədricən azaltmalıyıq”, - deyə o əlavə edib.
Kreditor ölkələrin Afinaya təklif etdiyi qənaət proqramını tənqid edən dövlət başçısı bunun iqtisadi artıma müsbət təsir göstərmədiyini, əksinə, Yunanıstan iqtisadiyyatını tənəzzülə apardığını bildirib. Yunanıstan Prezidenti, həmçinin yaxın zamanlarda Almaniyaya səfər etmək və İkinci Dünya müharibəsi zamanı nasistlərin Yunanıstan ərazisində törətdikləri cinayətlərə görə Berlinin təzminat ödəməsi məsələsini qaldırmaq niyyətində olduğunu da vurğulayıb.
Son zamanlar yunan siyasətçiləri İkinci Dünya müharibəsi zamanı millətçi-sosialistlərin cinayətlərinə görə təzminat ödənilməsi məsələsini daha çox qabardırlar. Afina parlamentinin bəzi nümayəndələrinin hesablamalarına görə, Almaniya Federativ Respublikası böhran keçirən Yunanıstana 1938-ci il qiymətləri ilə 7,1 milyard dollar, yəni indiki qiymətlərlə 108 milyard avro ödəməlidir. Bundan başqa, almanlar Yunanıstan Bankından məcburi şəkildə aldıqları 3,5 milyard dollar, indiki qiymətlərlə 54 milyard dollar borcu da qaytarmalıdırlar.
Berlin isə öz növbəsində 2012-ci ildə İtaliyanın Almaniyaya analoji tələbinin əsassız sayıldığı hüquqi presedentə əsaslanaraq bu tələblərin qanunsuz olduğunu bildirib.