DÜNYA
Yunanıstan: borcları qaytarmaq vaxtıdır
Bakı, 30 iyun, AZƏRTAC
Yunanıstan demək olar ki, uçurumun kənarındadır. Aleksis Tsiprasın hökuməti günün sonunadək Beynəlxalq Valyuta Fonduna (BVF) 1,6 milyard avro ödəməlidir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, borcaların ödənilməməsi Yunanıstanın BVF-nin kreditləri ilə bağlı iflası deməkdir. Həmçinin gecə saat 12-də Afinaya ikinci beynəlxalq yardım proqramının da vaxtı bitir.
Bazar gününə təyin olunmuş referendumda yunanlar kreditorların xərcləri azaltmaq və vergiləri artırmaq barədə təkliflərinə münasibət bildirməlidir. Münasibətlərin pozulması ölkənin avro-zonadan çıxması ilə nəticələnə bilər.
Bu arada Yunanıstanın maliyyə naziri Yanis Varufakis jurnalistlərə müsahibəsində Afinanın ayrılan kredit üzrə Beynəlxalq Valyuta Fonduna borcun nəzərdə tutulan hissəsini iyunun 30-da ödəməyəcəyini bəyan edib. Bununla yanaşı, o, kreditorlarla razılığa gələcəklərinə ümidini itirmədiyini də vurğulayıb.
Qeyd edək ki, iyulun 7-dək Yunanıstanda heç bir bank fəaliyyət göstərməyəcək, bankomatlardan isə sutkada yalnız 60 avroya qədər pul çıxarmaq mümkün olacaq.