DÜNYA


Yunanıstan parlamenti yeni sərt iqtisadi tədbirlər paketini təsdiqləyib

Bakı, 19 may, AZƏRTAC

Yunanıstan parlamenti beynəlxalq kreditorların tələb etdiyi yeni sərt iqtisadi tədbirlər paketini qəbul edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, qanun layihəsini 300 deputatdan 153-ü dəstəkləyib. Belə sənədlərin təsdiq olunması üçün sadə səs çoxluğu kifayət edir.

Kreditorlarla sazişə əsasən, Yunanıstan 2019-cu ildə təqaüd xərclərinə qənaət etməklə ümumi daxili məhsulun 1 faizinə yaxın, 2020-ci ildə də gəlir vergisinin ödənilməsinə başlandığı gəlir səviyyəsinin azaldılması hesabına ümumi daxili məhsulun daha 1 faizinə yaxın büdcə qənaətinə nail olmalıdır. Bundan başqa, ölkə hökuməti əmək islahatları keçirməyi, bəzi aktivləri özəlləşdirməyi, həmçinin iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq üçün bir sıra tədbirlər görməyi üzərinə götürüb.

Səsvermə Yunanıstanda islahatların effektivliyinə qiymət veriləcəyi və Afinaya 7,5 milyard avro həcmində növbəti tranşın ayrılması məsələsinin həll olunacağı Avropa Qrupunun mayın 22-də keçiriləcək iclası ərəfəsində baş tutub.

Parlamentdə müvafiq qanun layihəsinin müzakirəsi zamanı Afinanın mərkəzində ölkənin iqtisadi siyasətinin növbəti sərtləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda 10 min nəfərə qədər insan iştirak edib. Nümayiş iştirakçıları polisə yandırıcı maddə ilə dolu şüşələr atıb, qanun keşikçiləri isə öz növbəsində onlara qarşı gözyaşardıcı qaz işlədib.

Hazırda Yunanıstanın dövlət borcu 326 milyard avroya və ya ümumi daxili məhsulun 180 faizinə çatır. Bundan 226 milyard avro avropalı kreditorlara olan borclardır. Hökumətin bu həftə dərc etdiyi iqtisadi göstəricilər ölkənin 2012-ci ildən bəri ilk dəfə olaraq yenidən durğunluq vəziyyətinə düşdüyünü göstərir. Belə ki, ümumi daxili məhsul 2016-cı ilin dördüncü kvartalında 1,2 faiz aşağı düşüb və 2017-ci ilin yanvar-mart aylarında daha 0,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.