DÜNYA
Yunanıstan: referendumun nəticəsi hökumətin istefasına səbəb ola bilər
Bakı, 2 iyul, AZƏRTAC
Yunanıstanın maliyyə naziri Yanis Varufakis iyulun 5-də keçiriləcək referendumda yunanların əksəriyyətinin beynəlxalq kreditorların təkliflərini dəstəkləyəcəyi təqdirdə hökumətin istefasını istisna etməyib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu halda Afinanın sazişi "üçlüyün" təklif etdiyi şəkildə imzalamaq üçün əlindən gələni edəcəyini deyən nazir, şəxsən özünün bu şərtlərə razılaşmadığını vurğulayıb.
İctimai rəyin son sorğularına əsasən referendumda iştirak edəcək yunanların 47 faizi kreditorların təkliflərinin lehinə, 43,2 faizi isə əleyhinə səs verməyə hazırlaşır.
Bununla belə, "üçlüyün" sərt iqtisadiyyat tədbirlərinin gücləndirilməsinə dair tələbləri ilə razılaşmaların nisbəti hökumətin bankların fəaliyyətini dayandırmaq barədə qərarından və bankomatlardan nağd pul çıxarılmasına qoyulan məhdudiyyətlərdən sonra nəzərə çarpacaq dərəcədə artıb.