DÜNYA
Yunanıstan: seçkiqabağı kampaniyada SİRİZA partiyası liderlik edir
Bakı, 29 avqust, AZƏRTAC
Yunanıstanda keçirilən sorğunun nəticələrinə görə, seçkiqabağı kampaniyada keçmiş Baş nazir Aleksis Tsiprasın başçılıq etdiyi SİRİZA partiyası liderlik edir. Respondentlərin 25 faizdən çoxu isə hələ ki öz fikrini dəqiqləşdirməyib.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, ProRata ictimai rəyin tədqiqi mərkəzi yunan seçiciləri arasında keçirilən ilkin sorğunun nəticələrini elan edib. Mərkəzin məlumatına görə, SİRİZA partiyası rəqiblərini qabaqlayır: respondentlərin 23 faizi öz səslərini ona verməyə hazırdır.
Sorğuda ikinci yeri seçicilərin 19,5 faizinin etimadını qazanan "Yeni demokratiya"dan olan mühafizəkarlar tutur. Bu yaxınlarda SİRİZA-dan ayrılan ultra solçu "Xalq birliyi" partiyası isə cəmi 3,5 faiz səs toplaya bilib. Respondentlərin 25,5 faizi seçkilərdə kimə səs verəcəklərini hələ müəyyən etmədiklərini bildirib.
Xatırladaq ki, bir həftə əvvəl Yunanıstan hökumətinin başçısı Aleksis Tsipras ölkə prezidenti Prokopis Pavlopulosa istefa barədə ərizə təqdim edib. Bu addım hakim SİRİZA koalisiyasındakı sərt xətt tərəfdarlarının yunan borcu məsələsinin nizamlanmasına dair sazişin əleyhinə çıxmasından sonra A.Tsiprasın parlament çoxluğunu itirməsi ilə bağlıdır.
Yunanıstan parlamentinə növbədənkənar seçkilər sentyabrın 20-ə təyin edilib. Yeni çağırış parlament isə öz işinə oktyabrın 1-də başlayacaq.