MƏDƏNİYYƏT
Yunanıstan təmsilçiləri: Finalda təqdim edəcəyimiz performansdan razıyıq VİDEO
Kopenhagen, 10 may (AZƏRTAC). Biz “Eurovision” mahnı müsabiqəsinə təqdim edəcəyimiz nömrə vasitəsilə bir mesaj göndərməyə çalışacağıq. İnsanların daha yaradıcı və nikbin olmasını istərdik. Finalda təqdim edəcəyimiz performansdan razıyıq.
Bu sözləri Yunanıstanı müsabiqədə təmsil edən “Friki Fortun” qrupu (Nikolas Raptakis, Teofilos Pouzbouris) və qrupun rep ifaçısı Riskikido (Şeyn Şuller) AZƏRTAC-ın müxbirinə müsahibəsində demişlər.
Bütün çətinliklərə baxmayaraq insanları yüksəlişə, irəliləməyə çağırdıqlarını bildirən “Friki Fortun” qrupu “Eurovision-2014” mahnı müsabiqəsinin finalında tamaşaçılara ifaları ilə xoş anlar bəxş edə biləcəklərini vurğulamışdır.
Ölkəmizin builki təmsilçisi Dilarə Kazımovanın gözəl, ifasının həzin olduğunu söyləyən qrup Azərbaycanın, ümumiyyətlə, hər il bu müsabiqəyə ciddi mahnılarla qatıldığını diqqətə çatdıraraq demişdir: “Dilarənin ifası həzin balladadır. Azərbaycan ilə biz eyni yarımfinalda idik. Dilarə də, biz də finalda olacağımıza əmin idik”.
Musiqi sahəsində bir çox mükafatlara layiq görüldüklərini vurğulayan qrupun üzvləri müsabiqədə ifa edəcəkləri “Rise up” mahnısı və bu mahnıya düzənlənən səhnə quruluşundan danışaraq yarışmada ölkələrini layiqincə təmsil edəcəklərini və uzun fasilədən sonra bu müsabiqəni Yunanıstana aparmaq niyyətində olduqlarını bildirmişlər:
“Artıq Yunanıstanda bir çox konsert kompleksləri tikilir. Bu müsabiqəyə biz hər zaman diqqətlə yanaşmışıq. İstərdik ki, bu il Yunanıstanın qalibiyyəti bizim adımızla bağlı olsun. Bunun üçün əlimizdən gələni edəcəyik”, -deyə onlar vurğulamışlar.
Yunanıstan təmsilçiləri bu müsabiqədə tamaşaçılarına möhtəşəm şou vəd etmişlər. Özünəməxsusluğu ilə seçilən qrupun üzvləri müxtəlif auditoriyanın zövqünü oxşamağa çalışdıqlarını bildirmiş, Avropa tamaşaçılarına səslənmişlər: “Bizi dinləyənlər sırasında hər yaşdan olan insanlar vardır. Biz hər bir ifamızda istəyirik ki, auditoriyamızın sevgisini itirməyək. Bu, hər bir müğənni üçün çox vacibdir”.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen