MƏDƏNİYYƏT
Yunanıstanda Azərbaycan mədəniyyəti və mətbəxinin təqdimat mərasimi keçirilib VİDEO
Afina, 10 noyabr, AZƏRTAC
Yunanıstandakı səfirliyimiz tərəfindən Afinada dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü və ölkəmizin Dövlət Bayrağı Gününə həsr olunmuş "Azərbaycan mədəniyyəti və milli mətbəxi günü" adlı təqdimat keçirilib.
Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev tədbiri giriş nitqi ilə açaraq ölkəmizin qədim və zəngin mədəni irsindən, həmçinin müstəqillik tarixində əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Təqdimat mərasimində Yunanıstan Parlamentinin deputatları, Afinada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Yunanıstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvləri, iki ölkənin ticarət palatasının rəhbərliyi, yerli KİV təmsilçiləri, biznes, elm və təhsil müəssisələrinin, ictimai qurumların və Azərbaycan icmasının nümayəndələri iştirak edib.
Milli mətbəximizin ləziz təamlarının əcnəbi vətəndaşlara yüksək səviyyədə təqdim edilməsi məqsədilə “Buta Palace” konsert - əyləncə kompleksinin məşhur aşpazları tərəfindən tərtib edilən zəngin menyu tədbir iştirakçılarının böyük rəğbəti ilə qarşılanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina