REGİONLAR
Yunanıstanda “Gəncə avropalı gənclərin gözü ilə” adlı fotosərgi açılıb
Gəncə, 20 fevral, Rauf Hacıyev, AZƏRTAC
Yunanıstanın Saloniki şəhərində “Gəncə avropalı gənclərin gözü ilə” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin təşkilatçılığı ilə ötən ilin iyul ayında Gəncə şəhərində “Gəncə avropalı gənclərin gözü ilə” adlı beynəlxalq fotomüsabiqə keçirilib. Müsabiqə çərçivəsində avropalı peşəkar və həvəskar fotoqraflar Gəncənin və şəhər gənclərinin şəkillərini çəkiblər. Təcrübəli münsiflər heyəti tərəfindən bəyənilən 50 ən uğurlu foto layihəyə əsasən, Avropanın 14 ölkəsində nümayiş etdiriləcək. Artıq Avropanın 10 şəhərində “Gəncə avropalı gənclərin gözü ilə” adlı fotosərgi təşkil olunub.
Salonikidə açılan sərgidə yunanıstanlı gənclər Gəncənin zəngin tarixi və mədəniyyəti, qədim abidələri və gəncəli gənclərin həyat tərzi haqqında şəkillər vasitəsilə məlumat alırlar.
Sərgi iştirakçıları bu cür tədbirlərin Azərbaycanı, 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilən Gəncəni daha yaxından tanımaq üçün fürsət olduğunu bildiriblər.