DÜNYA


Yunanıstanda vergidən yayınma nisbəti yüksəkdir

Bakı, 3 dekabr, AZƏRTAC

“Ernst & Young” konsaltinq şirkətinin son təhlilinə görə, Yunanıstanda vergidən yayınmanın illik həcmi ümumi daxili məhsulun (ÜDM) 9 faizinə çata bilər.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, araşdırmaya əsasən fiziki şəxslər arasında illik vergidən yayınma ÜDM-in 1,9-4,7 faizinə bərabərdir. Bundan başqa, hər il əlavə dəyər vergisi tam yığılmadığına görə, ÜDM-də təxminən 3,5 faiz itki olur.

Alkoqollu içkilər və tütün məhsulları kimi malların qaçaq yollarla dövriyyəsinə görə vergidən yayınma Yunanıstanda ÜDM həcmini 0,45 faiz aşağı salır. Beləliklə, ölkədə vergidən yayınmanın ümumi həcmi illik ÜDM-in 6-9 faizinə çatır.

”Ernst & Young” şirkətinin Yunanıstan üzrə vergi departamentinin rəhbəri Stefanos Mitsios deyib ki, Yunanıstanda ən geniş yayılmış vergidən yayınma halları bir sıra amillərlə, o cümlədən vergi dərəcəsinin yüksək olması, bütövlükdə vergi sisteminin mürəkkəbliyi və pərakəndəliyi ilə bağlı ola bilər. Onun sözlərinə görə, vergi inzibatçılığı daxilində bürokratiya azaldılmalı və avtomatlaşdırılmış proseslər tətbiq edilməlidir, ödəniş kartlarından daha geniş istifadə olunmaqla nağd pul dövriyyəsi məhdudlaşdırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.