REGİONLAR
Yüngül atletika üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri məlum olub
Naxçıvan, 30 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən Naxçıvan şəhər tam orta məktəblərinin oğlan və qız atletləri аrаsındа yüngül atletika üzrə Naxçıvan şəhər birinciliyində 15 komanda üzrə 150 idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, yarış Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov idmançılara yarışın keçirilmə məqsədi haqqında geniş məlumat verərək, onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Coşqun Əliyev çıxış edərək, muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən söhbət açıblar.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda oğlanlar arasında Əkbər Babayev, Sadiq Mirzəyev, Bəhlul Əsgərli, Ümid Mehdiyev, Elsun Kazımlı müvafiq olaraq 100, 200, 400, 800, 1500 metr məsafəni hamıdan öndə qət ediblər.
Qızların mübarizəsində isə Aytən Rəhimova, Səbinə Bədəlova, Aysel Axundova, Tərlan Quliyeva, Aynur Əsədli müvafiq olaraq 100, 200, 300, 400, 500 metr məsafələrdə I yerlərə layiq görülüblər.
Komanda hesabında Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin komandası şəhər birinciliyinin qalibi olub. Digər iki pillədə isə Naxçıvan şəhər 16 və 3 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Sonda yer tutan komanda və idmançılar təşkilatçıların diplomları və hədiyyələri ilə mükafatlandırılıblar.